ELM VƏ TƏHSİL
Elektron təhsil mühitinin intellektuallaşdırılması üzrə metodlar işləniləcək
Bakı, 17 fevral, AZƏRTAC
“İnformasiya texnologiyaları və informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri problemlərinin araşdırılması və effektiv metodlarının işlənməsi” mövzusu üzrə elmi-nəzəri problemlər araşdırılacaq.
İnformasiya Texnologiyaları İnstitutundan AZƏRTAC-a bildirilib ki, bu barədə Elmi şuranın növbəti onlayn iclasında şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Firudin Ağayev məlumat verib. O, qeyd edib ki, bu istiqamətdə elektron dövlətin əsas tərkib hissəsi kimi “e-learning” təhsilin bütün forma və səviyyələrində ümumi təhsil fəzasının yaradılmasında konseptual baxışlar araşdırılıb, elektron təhsil mühitinin formalaşmasında əsas komponent kimi qiymətləndirmə göstəriciləri işlənib, elektron tədris müəssisələrində Big Data texnologiyalarının tətbiqi məsələlərinə baxılıb və intellektual analiz metodları tətbiq olunub.
Şöbə rəhbəri vurğulayıb ki, elektron təhsil mühitinin intellektuallaşdırılması üzrə metodların işlənməsi, onun idarə edilməsi üçün Data Mining imkanlarının araşdırılması, fərdiləşməsi üzrə metod və alqoritmlərin tədqiqi, eləcə də e-təhsildə sosial şəbəkələr üzrə təhsil kontentinin idarə edilməsi məsələləri, biliklərin idarə edilməsi üzrə metod və alqoritmlərin tədqiqi, bulud texnologiyası əsasında təhsil kontentlərinin formalaşması və mühafizəsi, habelə Big Data texnologiyalarının tətbiqinə dair araşdırmalar bu istiqamətdə yerinə yetiriləcək işlər sırasındadır.
F.Ağayev, həmçinin informasiya-kommunikasiya texnologiyaları sahəsində bacarıqların inkişaf etdirilməsi üzrə standartların araşdırılacağını vurğulayıb.
Fəaliyyət planına dair geniş fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.
İclasda AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev şöbənin plan layihəsi ilə bağlı təklif və tövsiyələrini səsləndirib, elektron təhsil mühitinin formalaşması məsələlərinin dərindən araşdırılmasının, dünyada bu sahədə beynəlxalq təcrübənin tədqiqinin vacibliyini qeyd edib.
Elmi şuranın qərarı ilə şöbənin fəaliyyət planı qənaətbəxş hesab olunub.