ELM VƏ TƏHSİL
Elmin populyarlaşdırılması istiqamətində müzakirələr aparılıb
Bakı, 3 mart, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Elm festivalı-2022 tədbirlər planı çərçivəsində Beynəlxalq İqtisadiyyat Məktəbinin təşkilatçılığı ilə növbəti dəyirmi masa keçirilib.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, dəyirmi masada “Elmin populyarlaşdırılması üçün nə etməli” mövzusu ətrafında müzakirələr aparılıb.
Kafedra müdiri dosent Altay İsmayılov elmin populyarlaşdırılması istiqamətində zəruri addımlardan söz açıb, gənclərin elmə marağının artırılmasında stimulun, yeni yanaşmanın vacibliyini diqqətə çatdırıb. Həmçinin bu istiqamətdə elm adamlarının üzərinə düşən vəzifələrdən bəhs edib.
Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzinin direktoru dosent İsa Qasımov təhsil-tədqiqat-innovasiya proseslərində stimullaşdırıcı ardıcıllığın təmin olunmasının əhəmiyyətindən danışıb. O, apardığı tədqiqatların nəticələrinə əsaslanaraq, elm-təhsil-biznes əməkdaşlığının elmin inkişafında mümkün rolları haqqındakı göstəriciləri dəyirmi masa iştirakçıları ilə paylaşıb. Bildirib ki, Texnologiyanın Transferi və Kommersiyalaşdırılması Platformasının istifadəyə verilməsi elmi tədqiqatların stimullaşdırılmasına və davamlı inkişafına faydalı töhfələr verə bilər.
Dəyirmi masada hazırda ABŞ-ın İndiana Universitetində tədqiqatçı kimi fəaliyyət göstərən UNEC-in müəllimi Xətai Alıyev elmi tədqiqatlara marağın artırılması və gənclərin bu istiqamətə yönləndirilməsində sistemli yanaşmanın tətbiqinin vacibliyindən danışıb. O, xüsusilə universitetlər nəzdində tədqiqatçı və tədqiqatçı köməkçisi vəzifələrinin formalaşdırılması, hər il müəyyən sayda gənc magistrant və doktorantın rəqabətli seçim əsasında ödənişli olaraq bu vəzifələrə cəlb edilməsi, ölçülə bilən meyarlar əsasında attestasiyaların keçirilməsi kimi fəaliyyətlərin elmin populyarlaşdırılmasında effektiv olacağını qeyd edib. Sonda universitetlərin öz büdcələrindən qrant müsabiqələrinin keçirilməsinə vəsait ayırmasının əhəmiyyəti diqqətə çatdırılıb.
Tədbir Beynəlxalq İqtisadiyyat (ingilis dilli) kafedrasının dosenti İnara Rzayeva, Hüseyn Həsənov, Elnur İsayev, Emiliya Əhmədova və digərlərinin çıxışları ilə davam edib.