İQTİSADİYYAT


Enerji Effektivliyinə dair Milli Fəaliyyət Planının layihəsi müzakirə olunub

Bakı, 19 sentyabr, AZƏRTAC 

Beynəlxalq Enerji Xartiyasının dəstəyi ilə “EU4Energy” proqramı çərçivəsində hazırlanmış “Azərbaycanın Enerji Effektivliyinə dair Milli Fəaliyyət Planı” layihəsinin Avropa İttifaqı, beynəlxalq təşkilatlar, bir sıra yerli və xarici dövlət qurumlarının nümayəndələri, eləcə də ekspertlərin iştirakı ilə müzakirəsi keçirilib.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, nazirliyin aparat rəhbəri Zaur Məmmədov ölkədə enerji təhlükəsizliyinin dayanıqlılığının təmin edilməsi, ümumi daxili məhsulun enerji tutumunun azaldılması, ətraf mühitin qorunması, ölkə iqtisadiyyatının rəqabətədavamlılığının gücləndirilməsi, kommunal xidmətlərdə israfçılığın və xərclərin azaldılması üçün enerji resurslarından effektiv istifadənin vacib olduğunu deyib. Bildirilib ki, energetika sahəsində dövlət enerji siyasətinin tərkib hissəsi olaraq enerji resurslarından səmərəli və effektiv istifadənin təmin edilməsi, enerji resurslarından istifadənin müasir tələblərə və standartlara uyğunlaşdırılması üçün hüquqi bazanın yaradılması məqsədilə Energetika Nazirliyi tərəfindən Enerji Xartiyasının dəstəyi ilə “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanun layihəsi hazırlanıb və hökumətə təqdim edilib.

Z.Məmmədov bu istiqamətdə atılan addımların davamı olaraq Enerji Effektivliyinə dair Milli Fəaliyyət Planının hazırlandığını və layihə üzrə İşçi Qrupun yaradıldığını diqqətə çatdırıb. Qeyd edib ki, Enerji Xartiyası tərəfindən təqdim olunan Milli Fəaliyyət Planı ilə bağlı Tədbirlər Planının ilkin layihəsi hazırdır və bugünkü müzakirələrdə rəy və təkliflər öyrəniləcək.

“EU4Energy” layihəsinin meneceri Bilyana Çobanova Azərbaycanla Avropa İttifaqı arasındakı münasibətlərdən danışaraq energetika sahəsində birgə əməkdaşlığı yüksək qiymətləndirib və Milli Fəaliyyət Planının əhəmiyyətindən, eləcə də 2020-2025-ci illər üzrə həyata keçirilməsi nəzərdə tutulan enerji effektivliyinə dair qənaət tədbirlərinin vacibliyindən bəhs edib.

İclasda xarici ekspertlər tərəfindən Milli Fəaliyyət Planı ilə bağlı Bolqarıstan və Türkiyə təcrübəsi diqqətə çatdırılıb, nəqliyyat, sənaye, kənd təsərrüfatı və digər sektorlarda enerji istehlakında səmərəlilik tədbirləri, gələcək hədəflər, enerjinin idarə olunmasına dair öhdəliklər barədə məlumat verilib. Tədbirdə, həmçinin təbii qaz, elektrik enerjisi, istilik enerjisi istehsalı, ötürülməsi və paylanması, sənaye, enerji istifadə məhsulları, yaşayış, kommersiya və ictimai binalar, nəqliyyat, kənd təsərrüfatı sektorları üzrə enerji effektivliyi tədbirlərinin müəyyən edilməsi ilə bağlı İşçi Qrupun təklifləri nəzərdən keçirilib.

Yekunda Milli Fəaliyyət Planı layihəsi üzrə növbəti atılacaq addımlar və görüşlərin keçirilməsi razılaşdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.