İQTİSADİYYAT
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin nizamnamə fondu 7,9 milyon manatadək artırılıb
Bakı, 23 may, AZƏRTAC
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin nizamnamə fondu 1000 manatdan 7 milyon 914 min 367 manatadək artırılıb.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev mayın 22-də “Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 22 dekabr tarixli 1750 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında” Fərman imzalayıb. Fərmana əsasən, “Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Nizamnaməsi”nin 5.1-ci bəndində “1 000 (bir min)” sözləri “7.914.367,3 (yeddi milyon doqquz yüz on dörd min üç yüz altmış yeddi manat otuz qəpik)” sözləri ilə əvəz edilib.
Xatırladaq ki, Prezident İlham Əliyev ötən il dekabrın 22-də “Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyinin yaradılması haqqında” Fərman imzalayıb. Fərmana əsasən, Energetika Nazirliyinin Dövlət Enerji Nəzarəti İdarəsinin və Dövlət Qaz Nəzarəti İdarəsinin əsasında nazirliyin tabeliyində publik hüquqi şəxs statuslu Enerji Məsələlərini Tənzimləmə Agentliyi yaradılıb. Həmçinin Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Nizamnaməsi də təsdiq olunub. Agentlik dövlət qeydiyyatına alındığı gündən Energetika Nazirliyinin Dövlət Enerji Nəzarəti İdarəsi və Dövlət Qaz Nəzarəti İdarəsi, habelə onların yerli bölmələri ləğv edilib. Energetika Nazirliyinin Dövlət Enerji Nəzarəti İdarəsinin və Dövlət Qaz Nəzarəti İdarəsinin istifadəsində olan əmlakın agentliyin balansına verilib.
Enerji Məsələlərini Tənzimləmə Agentliyi Azərbaycanda elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahələrində istehsalçılar, ötürücülər, paylayıcılar, təchizatçılar və istehlakçılar arasında münasibətlərin tənzimlənməsini, müəssisələrin fəaliyyətinin təhlilini, restrukturizasiya tədbirləri ilə bağlı təkliflər verilməsini, investisiyaların cəlb edilməsi üçün stimullaşdırıcı mexanizmlər hazırlanmasını, mühəndis-kommunikasiya təminatı sistemlərinə və xidmətlərin keyfiyyətinə dair tələblərə əməl edilməsinə nəzarətin təşkilini həyata keçirir. Agentlik öz fəaliyyətində mütərəqqi korporativ idarəetmə standartlarını tətbiq edir və İdarə Heyəti tərəfindən idarə olunur. İdarə Heyəti agentliyə rəhbərliyi və nəzarəti həyata keçirir.
Aprelin 23-də Rusiya Federasiyasının Soçi şəhərində keçirilən Enerji Məsələlərini Tənzimləmə Orqanlarının Regional Birliyinin (ERRA) iclası çərçivəsində Enerji Məsələlərini Tənzimləmə Agentliyi quruma assosiativ üzv seçilib və assosiativ üzvlük haqqında şəhadətnamə təqdim olunub