ELM VƏ TƏHSİL
Erik Hayzer: “EaPEC 2022” konfransı Azərbaycan elmi və təhsilinin inkişafı üçün geniş imkanlar açır
Bakı, 28 sentyabr, AZƏRTAC
“EaPEC 2022” konfransı Azərbaycan elmi və təhsilinin inkişafı baxımından geniş imkanlar açır.
AZƏRTAC xəbər verir ki, bu barədə “5-ci Şərq Tərəfdaşlığı E-infrastrukturlar Konfransı”nın açılış mərasimində GEANT-ın (Gigabit Avropa Akedemik Şəbəkəşi) baş direktoru Erik Hayzer bildirib. O, konfransın yüksək səviyyədə təşkilinə görə İnformasiya Texnologiyaları İnstitutuna, eləcə də digər müvafiq qurumlara dərin minnətdarlığını ifadə edib.
Erik Hayzer Azərbaycan dövlətinin Şərq Tərəfdaşlığı ölkələri ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, alim və tədqiqatçılarımızın Avropanın elm və təhsil sahəsindəki resurs və xidmətlərindən daha səmərəli istifadəsinin təmin edilməsi istiqamətində lazımi kömək göstərməyə hazır olduğunu bildirib.
E.Hayzer konfrans çərçivəsində iştirakçı ölkələrdən olan xüsusi ekspertlərin müxtəlif mövzulara dair məruzələrinin dinləniləcəyini, həmkarlarla mühüm məsələlər üzrə təcrübə və fikir mübadiləsinin aparılacağını diqqətə çatdırıb.
Qeyd edək ki, GEANT Assosiasiyasının təşəbbüsü və koordinasiyası ilə həyata keçirilən, Şərq Tərəfdaşlığı ölkələrini əhatə edən “EaPConnect” (EU4Digital: Connecting Research and Education Communities) layihəsi çərçivəsində reallaşdırılan tədbirin keçirilməsində əsas məqsəd Şərq Tərəfdaşlığı ölkələri arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və bu dövlətlərin Avropa ictimaiyyətinə inteqrasiyasının sürətləndirilməsidir.