CƏMİYYƏT
Ermənistan silahlı qüvvələrinin atdığı mərmi nəticəsində Ağdam rayonunda fərdi evdə yanğın baş verib
Bakı, 12 oktyabr, AZƏRTAC
Ermənistan silahlı qüvvələri humanitar atəşkəs rejimini kobudcasına pozaraq Azərbaycan əhalisinin sıx yaşadığı məntəqələri, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından və raketlərdən atəşə tutaraq mülki obyektlərdə dağıntı və yanğınlar törətməkdə davam edib.
Fövqəladə Hallar Nazirliyindən (FHN) AZƏRTAC-a bildiriblər ki, Ermənistan ordusunun atdığı mərmi Ağdam rayonunda vətəndaşa məxsus fərdi evdə yanğına səbəb olub. FHN-in əraziyə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri tərəfindən yanğın söndürülüb və yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb.
FHN hazırda gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Baş verən hər hansı fövqəladə hadisə ilə əlaqədar nazirliyin 112 - “qaynar” telefon xəttinə dərhal məlumat verilməsi xahiş olunur.