MƏDƏNİYYƏT
“Eurovision-2011”də Azərbaycanı təmsil etmək üçün milli seçimlərə qatılan türkiyəli müğənni Tarik Yigit ilk həftə yarışacaqdır
Bakı, 13 noyabr (AZƏRTAC). Gələn ilin mayında Almaniyanın Düsseldorf şəhərində keçiriləcək “Eurovision-2011” yarışmasında Azərbaycanı təmsil edəcək müğənninin seçilməsi üçün keçirilən yarışların ilk həftəsində 11 iştirakçı mübarizə aparacaqdır.
İctimai Televiziya və Radio Verilişləri Şirkətinin (İTV) ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tahir Məmmədov AZƏRTAC-a bildirmişdir ki, noyabrın 15-də başlayacaq milli seçimlərin ilk həftəsində 10 Azərbaycan, 1 türk müğənnisi mübarizə aparacaqdır. Azərbaycanı “Eurovision-2011”də təmsil etmək arzusunu gerçəkləşdirmək məqsədi ilə keçirilən milli seçimlərə türk müğənni Tarık Yigit də qatılacaqdır. Beləliklə seçimlərin ilk canlı efir həftəsində Nuranə Ələsgərova, Tarik Yigit, Gülçöhrə Babayeva, Ülviyyə Abbasova, Çingiz Mustafayev, Tofiq Hacıyev, “Next” qrupu, Aygün İsmayılova, Adil Baxışlı, Zülfünaz Rəcəbova və Xana Həsənova öz istedadlarını nümayiş etdirəcəklər.
T. Məmmədov demişdir ki, iştirakçılar noyabrın 15-dən etibarən hər gün İctimai Televiziyanın efirində saat 21.00-dan 23.00-dək canlı yayımlanan xüsusi proqramda yarışacaqlar. Yeddi həftə davam edəcək proqramda hər həftə 11 nəfər mübarizə aparacaqdır. İştirakçıların SMS nömrələri isə 5 gün ərzində daim aktiv olacaqdır. Cümə günü həftənin qalibi həftə boyu SMS səsvermənin nəticələrinə və münsiflərin rəyinə əsasən müəyyən ediləcəkdir. 77 nəfər namizəd arasından 7-si yarımfinala vəsiqə qazanacaq və namizədlər 50 faiz münsiflər heyətinin, 50 faiz isə tamaşaçı səsverməsi ilə seçiləcəklər.
Münsiflər heyətinin tərkibi canlı efirin ilk günü, yəni noyabrın 15-də ictimaiyyətə açıqlanacaqdır.
Bu il milli seçimlərdə Azərbaycanın rəsmi fan-klubu “Ogae-Azerbaijan” iştirak edəcəkdir. “Ogae-Azerbaijan”ın vitse-prezidenti Ömər Əbdülkərimov vurğulamışdır ki, onlar milli seçim iştirakçılarına mahnı seçimində, “Eurovision” müsabiqəsinin hitlərindən mahnıların instrumental versiyasını əldə etməkdə yardım göstərəcəklər.