CƏMİYYƏT
FHN Bakıda xüsusi təyinatlı texnikaların hərəkətinə maneələrlə əlaqədar reyd keçirib
Bakı, 1 fevral, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti yanğınsöndürən, habelə digər qəza-xilasetmə texnikalarının hərəkətinə süni maneələr törədən faktların aşkarlanaraq aradan qaldırılması üçün reydlər keçirib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Xidmət əməkdaşlarının paytaxtın Xətai rayonunda keçirdikləri reydlər zamanı binaların yaxınlığında müxtəlif ölçülü dirəklərin basdırılması, daş, beton parçaları və başqa vasitələrlə yolların hərəkət hissələrinin tutulması faktları aşkar edilib. Həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində həmin maneələr demontaj olunub, sakinlərlə maarifləndirici söhbətlər aparılıb.
Reyd zamanı Dövlət Yanğın Nəzarəti Xidmətinin məsul əməkdaşları vətəndaşlara fərdi və ictimai təhlükəsizliyə xüsusi həssaslıqla yanaşaraq baş verə biləcək istənilən fövqəladə hadisə zamanı qəza-xilasetmə bölmələrinin operativ və effektli fəaliyyətinə maneə yarada biləcək addımlardan çəkinməyi tövsiyə ediblər. Xatırladılıb ki, Azərbaycanda qüvvədə olan qanunvericiliyə əsasən, bina və qurğulara, yanğınların söndürülməsi üçün istifadə edilən su mənbələrinə sərbəst yanaşmaq üçün gedən yolların, keçidlərin və girişlərin tutulması qəti yolverilməz olmaqla hüquqi məsuliyyət yaradır.