CƏMİYYƏT
FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti taxıl və meşə sahələrində silsilə maarifləndirmə tədbirləri keçirib
Bakı, 5 iyul, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti Beyləqan, Ağcabədi və Yevlax rayonlarının ərazisində yerləşən taxıl və meşə sahələrində “Yay mövsümündə yanğın təhlükəsizliyi tədbirləri” mövzusunda maarifləndirmə tədbirləri keçirib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, maarifləndirmə tədbirlərində həmin rayonların aidiyyəti qurumlarının nümayəndələri, sahibkarlar və meşə təsərrüfatı mərkəzlərinin əməkdaşları iştirak ediblər.
Tədbirlərdə yay mövsümündə ümumi yanğın təhlükəsizliyi tədbirləri ilə yanaşı, dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə yanğın təhlükəsizliyi qaydalarına əməl olunması, o cümlədən meşəətrafı ərazilərdə şumlama yolu ilə yanğına qarşı zolaqların salınmasının vacibliyi vurğulanıb. Eyni zamanda, kənd təsərrüfatı texnikalarının ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsi, yanğınsöndürmə texnikalarının su ehtiyatının bərpası üçün təbii su hövzələrindən suyu götürməsinə şəraitin yaradılmasına dair tələblər diqqətə çatdırılıb. Həmçinin meşə sahələrində yanğın təhlükəsizliyinə dair tələblər barədə məlumat verilib. Eləcə də, meşələrin və meşəətrafı ərazilərin, yüksək gərginlikli hava elektrik xətlərinin təhlükəsizlik dəhlizlərinin quru ot, kol-kos, qurumuş ağaclardan təmizlənməsinin, yanğınsöndürən maşınların sərbəst hərəkət etməsi üçün yolların genişləndirilməsinin zəruriliyi vurğulanıb.
Qeyd edək ki, bu mövzularda silsilə tədbirlər digər rayonlarda da keçirilir.