MƏDƏNİYYƏT
FRANSIZ TƏDQİQATÇISI AZƏRBAYCANLA BAĞLI DİSSERTASİYA MÜDAFİƏ ETMİŞDİR
Azərbaycanla tanışlıqdan böyük təəssürat alan əcnəbilər sülhsevər ölkəmizin müxtəlif sahələrindən söhbət açan kitablar çap etdirmiş və maraqlı tədqiqat işləri yazmışlar.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, iyunun 15-də Fransa Şərq Dilləri və Sivilizasiyaları Milli İnstitutunun müdafiə şurasında gənc fransız tədqiqatçısı Jil Otyenin Azərbaycanla bağlı doktorluq dissertasiyası müdafiə etməsi buna əyani sübutdur. Alimin «Qrız dilinin təsviri. Azərbaycanın şimal-şərqində danışılan Qafqaz dili» adlı dissertasiyasının giriş hissəsində respublikamızın Qafqazda, xüsusilə Cənubi Qafqaz bölgəsində mühüm coğrafi-siyasi nüfuza malik olması barədə məlumat verilmiş, ölkəmizdə bir çox etnik qrupların yaşamasından və öz dillərində danışmasından söhbət açılmış və Azərbaycan dilinin müxtəlif dillərdə danışan azlıqlar arasında bir ünsiyyət vasitəsi olduğu və körpü rolu oynadığı qeyd edilmişdir.
Dissertasiyasında Azərbaycanda talış, ləzgi, avar, udin, qrız və digər etnik azlıqların yaşadığını göstərən alim onların öz dillərini, mədəniyyətlərini və incəsənətlərini inkişaf etdirmələrinə heç bir məhdudiyyət qoyulmadığını, əksinə bunun üçün hər cur şərait və imkan yaradıldığını xüsusi vurğulamışdır.
Dissertasiyanın sonrakı bölmələrində müəllif tədqiq etdiyi qrız dilinin Azərbaycanın şimal-şərqində - Xaçmaz rayonunun bəzi kəndlərində işlənməsi barədə məlumat vermiş, dilin qrammatik quruluşundan söhbət açmış və başqa dillərlə müqayisəli təhlilini aparmışdır.
Müdafiə şurasının şərqşünaslardan ibarət üzvləri dissertasiyanı yüksək qiymətləndirmiş, son dövrlərə qədər dilçilik sahəsində belə bir sanballı elmi iş yazılmadığını qeyd etmiş, Azərbaycan kimi uzaq və Şərq dünyasının ən inkişaf etmiş bir ölkəsində milli azlıqların dilinə həsr olunmuş tədqiqat işinin ciddi axtarışların bəhrəsi olduğunu bildirmişlər.
Xatırladaq ki, türk dilində sərbəst danışan Jil Otye uzun müddət Fransanın Özbəkistandakı səfirliyinin mədəniyyət məsələləri üzrə attaşesi vəzifəsində çalışdığı zaman bu mövzuya maraq göstərmiş və onun üzərində dörd il əmək sərf etmişdir. Mövzu ilə əlaqədar özünün dediyi kimi, qəlbən vurulduğu Azərbaycanda dəfələrlə olmuş, Quba, Xaçmaz və Qusar rayonlarının sakinləri ilə görüşmüş, hətta Xınalıq kəndində qonaq qalmış və zəngin materiallar toplamışdır.