MƏDƏNİYYƏT
Faşizm üzərində qələbə günü ilə əlaqədar “Qələbənin izi ilə” adlı tədbir keçirilib
Bakı, 8 may, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzi Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə Yasamal rayon Heydər Əliyev Mərkəzində 9 may – faşizm üzərində qələbə günü ilə əlaqədar “Qələbənin izi ilə” adlı tədbir keçirilib.
Yasamal MKS-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə Yasamal rayon Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Vaqif Məmmədov, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Yasamal rayon təşkilatının sədri Bəhram Şeydayev, Qarabağ müharibəsi veteranı polkovnik-leytenant İlham Haşımov, Ağsaqqallar Şurası sədrinin müavini Məzahir Hüseynov, I və II Qarabağ müharibəsi veteranları Asəf Fərzəliyev və Elşad Soltanov, Yasamal rayon 2 nömrəli Bakı Baza Tibb Kollecinin müəllimi Esmira Babayeva və tələbələri, Bülbül adına Orta İxtisas Məktəbinin şagirdləri, müğənni Loğman Zeynalov, kamança ifaçısı Allahşükür Nəbiyev, tar ifaçısı Ömər Quliyev, Beynəlxalq müsabiqələr laureatı İslam Qasımov iştirak ediblər.
Tədbirdə əvvəlcə şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Sonra Yasamal rayon MKS-nin direktoru Lətifə Məmmədova çıxış edərək qonaqları salamlayıb. O, 1941-1945-ci illər birinci dünya müharibəsindən, igid Azərbaycan oğullarının qəhrəmanlığından və faşizm üzərindəki tarixi qələbədən danışıb. Sonra isə kitabxananın Metodika-biblioqrafiya şöbəsinin böyük metodisti İradə Hüseynova faşizm üzərindəki tarixi qələbədən azərbaycanlıların ön və arxa cəbhədə göstərdiyi qəhrəmanlıq və şücaətlərindən bəhs edib.
Tədbirin bədii hissəsində Bülbül adına Orta ixtisas məktəbinin şagirdi müğənni Loğman Zeynalov, kamançada Allahşükür Nəbiyev və tarda Ömər Quliyevin müşayiəti ilə mahnılar ifa edib. Beynəlxalq müsabiqələr laureatı İslam Qasımovun ifası da alqışlarla qarşılanıb.
16 nömrəli musiqi məktəbinin şagirdləri Xədicə və Vüsalə Əkbərovaların çıxışları maraqla qarşılanıb.
Tədbir iştirakçıları bu günlə bağlı öz fikirlərini söyləyiblər. Sonda onlar 9 may – faşizm üzərində qələbə gününə həsr olunmuş video məlumatla tanış olublar və videotəqdimatı izləyiblər.