ELM VƏ TƏHSİL
Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşı beynəlxalq konfransda məruzə edib
Bakı, 3 dekabr, AZƏRTAC
Əlcəzair Respublikasında Konrad Adenauer Fondunun dəstəyi ilə “Qadın və qanunvericilik” mövzusunda keçirilən beynəlxalq onlayn konfransda AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Xarici əlaqələr şöbəsinin müdiri dosent Zöhrə Əliyeva “Azərbaycanda qadın hərəkatına qısa tarixi baxış” mövzusunda məruzə ilə çıxış edib.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, Zöhrə Əliyeva çıxışında 1979-cu ildə BMT Baş Assambleyası tərəfindən qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasına dair qəbul edilmiş Konvensiyaya xüsusi diqqət yetirib. O qeyd edib ki, Konvensiyanın əsas müddəaları Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilib.
Məruzəçi, həmçinin konfrans iştirakçılarına 2006-cı ildə Prezident İlham Əliyevin Fərmanı ilə ölkəmizdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması barədə məlumat verib.
Konfransda mövzu ilə bağlı geniş müzakirələr aparılıb.
Qeyd edək ki, Almaniyanın Konrad Adenauer Fondu (KAS) ölkənin ilk federal kanslerinin adını daşıyır. Dünyanın 120 ölkəsində təmsil olunan KAS milli və beynəlxalq müstəvidə sülhü, azadlığı, demokratiya və ədaləti dəstəkləyir.