İDMAN


Fərhad Əliyev: "Prezident kuboku-2022" reqatasına maraq çox böyük idi

Mingəçevir, 7 may, AZƏRTAC

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilən avarçəkmə üzrə "Prezident kuboku-2022" reqatası gözlədiyimizdən də yaxşı alındı. Yarış paradla başladı. Ardınca azad olunmuş torpağımızda – Suqovuşanda kanoe və kayaq üzrə 200 və 500 metr yarışlar keçirildi. Maraq çox böyük idi. Orada yarış təşkil etmək elə də çətin deyil. Amma bunun öhdəsindən gəldik və ilk dəfə Qarabağda möhtəşəm beynəlxalq yarış baş tutdu. Reqatanın ikinci günü avarçəkmənin ənənəsi olan Mingəçevirdə akademik avarçəkmə üzrə yarış davam etdirildi və sonrakı illərdə bunu davam etdirəcəyik.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının baş katibi Fərhad Əliyev jurnalistlərə müsahibəsində deyib.

Federasiyanın yarışı 1 ay ərzində təşkil etdiyini bildirən baş katib deyib: "İştirakçı komandalar da təsdiqləyirlər ki, bu müddətdə belə beynəlxalq reqata keçirmək asan məsələ deyil. Bəzi ölkələr isə nəqliyyat və beynəlxalq təqvimlə bağlı problemi olduğu üçün gələ bilmədilər".

"Bizim nəticə gözlədiyimiz idmançılar fəxri kürsüyə yüksəldilər. Amma bir neçə gənc də özünü yaxşı tərəfdən göstərdi. Mən bunu kənardan baxan bir şəxs kimi deyirəm. Amma bu barədə məşqçilər daha yaxşı danışa bilərlər. Komandamıza baş məşqçi Samir Məmmədov rəhbərlik edir. Heyətə gənc məşqçiləri cəlb etmək istəyirik", - deyə baş katib əlavə edib.

Beynəlxalq yarışların qışdan başlayacağını vurğulayan F.Əliyev bildirib ki, bu bizə yaxşı nəticə əldə etmək üçün əlavə təkan verir. Mingəçevirdə oktyabrda daha bir yarış planlaşdırırıq. Bu reqata ənənəvi keçirilirdi, sadəcə, pandemiya səbəbindən son illərdə baş tutmayıb.

Qeyd edək ki, Azərbaycan komandası reqatada 9 qızıl, 12 gümüş və 12 bürünc medal əldə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.