MƏDƏNİYYƏT
Fəxriyyə Xələfova Səmərqənddə kolleksiyasına daxil olan milli paltarların fotosessiyasını keçirib
Daşkənd, 21 mart, АZƏRTAC
Tanınmış Azərbaycan modelyeri, Əməkdar İncəsənət Xadimi "Fakhriya Khalafova" moda evinin təsisçisi Fəxriyyə Xələfova qədim Səmərqənd şəhərində olub. Onu Özbəkistandakı “Gulnara Fashion” dəb evinin rəhbəri Gülnara Muxammedova müşayiət edib.
Fəxriyyə Xələfova Səmərqənd şəhərinin təkrarsız abidələrinə baxıb, Reqistan meydanında öz kolleksiyasına daxil olan 12 milli qadın geyiminin fotosessiyasını keçirib.
Bununla bağlı Fəxriyyə Xələfova AZƏRTAC-ın müxbirinə deyib: “Fotosessiya keçirdiyimiz zaman Reqistan meydanında turistlər də çox idi və onlar bizim tədbirə maraqla tamaşa edirdilər. Geyimlər özbək ipəyindən istifadə olunmaqla hazırlanıb. Onu da deyim ki, Avropanın məşhur dizaynerləri də vaxtaşırı özbək ipəyinə müraciət ediblər. Bu təbii ki, məni də maraqlandırdı, bu materialdan istifadə etməyə başladım. Deyim ki, fotosessiya çox uğurla keçdi. Reqistan meydanının əzəməti, mozaikanın gözəlliyi fonunda keçirilən fotosessiya mənim üçün də çox maraqlı oldu. Əslində mən Səmərqənd şəhərində fotosessiya keçirməyi çoxdan arzulayırdım. Bu arzumu həyata keçirdiyim üçün çox şadam”.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd