SİYASƏT
Finlandiyada yaşayan soydaşlarımız Dünya azərbaycanlılarının lll qurultayında qarşıya qoyulmuş vəzifələri müzakirə etmişlər
Bakı, 11 avqust (AZƏRTAC). Dünya azərbaycanlılarının lll qurultayının iştirakçıları - Finlandiya-Azərbaycan “Dostluq” Cəmiyyətinin sədri Təranə Nəzərova, Kokkola şəhərinin fəxri vətəndaşı Cahangir Ələkbərov, musiqişünas Kamal Aşurbəyov və gənclər cəmiyyətinin sədri Esmira Rzayeva Finlandiyada yaşayan soydaşlarımız ilə görüşmüşlər.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, görüşdə qurultayın nəticələri və yaxın dövr üçün fəaliyyət planı, eləcə də, Azərbaycanın diplomatik nümayəndəlikləri ilə diaspor təşkilatları arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində Prezident İlham Əliyevin nitqindən irəli gələn məsələlər ətrafında müzakirələr aparılmışdır.
Görüş iştirakçıları Dünya azərbaycanlılarının lll qurultayının yekunlarını yüksək qiymətləndirmiş, qarşıya qoyulmuş məqsəd və vəzifələrin həyata keçirilməsində, ölkəmizin dünyada təbliği istiqamətində diaspor təşkilatlarının fəallığının artırılmasının vacibliyini vurğulamışlar.