MƏDƏNİYYƏT
Firudin Məhərrəmov: Dövlətimizin başçısı mədəniyyət sahəsinin inkişafını hər zaman diqqətdə saxlayır
Sumqayıt, 8 mart, Ətrabə Rzayeva, AZƏRTAC
Prezident İlham Əliyevin martın 1-də bir qrup mədəniyyət xadimləri ilə keçirdiyi genişmiqyaslı görüşü bütün mədəniyyət xadimlərinin, teatr ictimaiyyətinin, xüsusən də biz teatr işçilərinin çoxdan gözlədiyi görüş idi. Biz vaxtilə ümummilli lider Heydər Əliyevin mədəniyyət və incəsənət xadimləri ilə keçirdiyi çoxsaylı görüşlərin və həmin görüşlərdə qaldırılan problemlərin necə istək və məhəbbətlə həll olunduğunun çox şahidi olmuşuq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Sumqayıt Dövlət Dram Teatrının baş rejissoru, Xalq artisti Firudin Məhərrəmov AZƏRTAC-ın müxbirinə verdiyi müsahibəsində deyib.
O, dövlət başçısının mədəniyyət xadimləri ilə görüşünün öz xarakter və formatına görə, bir anlıq Ulu Öndərin keçirdiyi görüşləri xatırlatdığını vurğulayıb.
“Bu görüşdə bir neçə incəsənət xadiminin, xüsusən də Xalq artistləri Afaq Bəşirqızı və Fərhad Bədəlbəylinin mədəniyyət sahəsində çoxdan yığılıb qalmış, həlli vacib olan problemlər haqqında açıq və sərbəst çıxışları hamımızın ürəyincə oldu. Həqiqətən də teatrda maaşların azlığı, teatr işçilərinin mənzil problemləri, bölgə teatrlarının kateqoriyalarının aşağı olması teatrların özünü tam dolğunluğu ilə ifadə etməsinə çoxlu maneələr yaradır. Budur artıq üç gündən sonra Azərbaycan teatr xadimlərinin müraciətini nəzərə alan dövlətimizin başçısı, sənət ocaqlarının fəaliyyətinə dövlət qayğısının daha da artırılması məqsədi ilə, onların inkişafı üçün 1.8 milyon manat, o cümlədən bizim teatra da 100 min manat vəsait ayırıb. Baxın bu dövlətin yaradıcı insanlara daha bir diqqətinin təzahürüdür”, - deyə baş rejissor söyləyib.
O əlavə edib ki, görüşdə ən çox diqqəti cəlb edən Prezidentin incəsənət xadimlərinin çoxsaylı çıxışlarını səbir və böyük istəklə dinləməsi oldu: “Prezident səsləndirilən hər bir xahiş və məsləhətlərin tezliklə həll olunacağına söz verdi. İnanırıq ki, görüşdə səsləndirilən bütün məsələlər tezliklə ölkə rəhbərinin sərəncamlarında öz əksini tapacaq və biz teatr işçiləri də göstərilən bu etimadı doğruldaraq daha böyük yaradıcılıq şövqü ilə xalqımızın mənəvi inkişafına öz töhfəmizi verəcəyik. Şəxsən öz adımdan və uzun müddət çalışdığım Sumqayıt Dövlət Dram Teatrının kollektivi adından Prezident İlham Əliyevə sonsuz təşəkkürümü bildirirəm”.