CƏMİYYƏT
Fövqəladə Hallar Nazirliyi Ermənistan tərəfindən atəşə tutulan yaşayış məntəqələrində maarifləndirmə tədbirlərini davam etdirir
Bakı, 5 noyabr, AZƏRTAC
Ermənistan silahlı qüvvələrinin humanitar atəşkəs rejimini kobudcasına pozaraq dinc əhalinin sıx yaşadığı ərazilərimizi, o cümlədən döyüş meydanından kənarda yerləşən yaşayış məntəqələrini ağır artilleriya qurğularından və raketlərdən atəşə tutması halları davam edir.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, təcavüzkar Ermənistan tərəfi dinc sakinləri hədəfə almaqda davam etdiyindən əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə müxtəlif maarifləndirmə tədbirləri də həyata keçirilir.
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi də həmin tədbirlər çərçivəsində dinc sakinlər arasında maarifləndirmə işinin genişləndirilməsi üçün çap materialları (maarifləndirici vərəq və plakatlar, bröşürlər, istiqamətverici plakatlar) dərc edib. Müxtəlif məzmunlu maarifləndirici çap materialları cəbhəyanı ərazilərdə və düşmən tərəfinin hədəfinə çevrilmiş digər yaşayış məntəqələrinin əhalisi arasında paylanılır və müvafiq maarifləndirmə işləri aparılır.