DÜNYA
Fransada koronavirus pandemiyasının 7-ci dalğası başlayıb
Paris, 5 iyul, AZƏRTAC
Fransada COVID-19 pandemiyasının 7-ci dalğası başlayıb. Ölkədə koronovirusa yoluxmanın gündəlik sayı 100 mini keçib.
AZƏRTAC xəbər verir ki, bu barədə Fransa Səhiyyə İdarəsi məlumat verib. Bildirilir ki, iyulun sonuna doğru pandemiyanın 7-ci dalğası pik səviyyəyə çatacaq. Xəstəxanalarda, eləcə də reanimasiya şöbələrinə qəbulda virus xəstələrinin sayı artıb. Koronovirus xəstələrinin 75 faizdən çoxu BA.4 və BA.5 variantlarına yoluxanlardır. Son sutkada xəstəxanalara 1607, reanimasiya şöbələrinə isə 146 ağır vəziyyətdə olan virus xəstəsi qəbul olunub. Son həftədə 97 nəfərin virus qurbanı olduğu bildirilir.
Fransada pandemiya başlayandan virusa yoluxanların ümumi sayı 29 milyon 956 min 791-ə çatıb, 149 min 726 virus qurbanı qeydə alınıb. Bu günədək xəstəxanalarda 682 min 827 virus xəstəsi sağalıb.
Hazırda xəstəxanalarda 16 min 638, reanimasiya şöbələrində isə 978 ağır vəziyyətdə olan koronavirus xəstəsi var.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris