DÜNYA
Fransada müştərilərin peyvənd və immunitet sertifikatlarını yoxlamayan müəssisələr 45 min avro cərimə olunacaqlar
Paris, 14 iyul, AZƏRTAC
Fransada müəssisələr - kafe, restoran, kinoteatr kimi məkanların rəhbərliyinin sanitar sənədlərin (PCR testi və ya peyvənd sertifikatı) yoxlanılmasına biganəliyi onlara baha başa gələcək.
AZƏRTAC xəbər verir ki, Fransa Prezidenti Emmanüel Makronun koronavirusla bağlı dünənki açıqlamalarından sonra ölkədə müəssisələrdə sanitar sənəd yoxlanılmadığı təqdirdə cərimə ödəyəcəkləri bildirilib. Belə müəssisələr 45 min avro cərimə ödəyəcək və bir il həbs cəzası alacaqlar. Bu sanksiya Nazirlər Şurasına iyulun 19-da təqdim olunacaq və parlamentdə baxılacaq qanun layihəsinin tərkib hissəsidir.
Sanitar sənədlərin ciddi yoxlanılması iyulun 21-dən qüvvəyə minəcək. Beləliklə, ölkədə koronavirusa qarşı peyvəndolunma bəzi peşə sahibləri üçün məcburi xarakter daşıyacaq.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris