MƏDƏNİYYƏT


Fransada yaşayan həmyerlimiz Etibar Əsədli V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalında çıxış edib

Şuşa, 13 may, Rauf Hacıyev, AZƏRTAC

“Qafqazın Konservatoriyası” olan Şuşada ecazkar muğamın, könüllər oxşayan Azərbaycan mahnılarının və müxtəlif xalqların musiqilərinin əsl təntənəsi yaşanır.

AZƏRTAC xəbər verir ki, V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının ikinci günündə şəhərin qala divarlarının yanında qurulmuş səhnədə Azərbaycan musiqisini bütün dünyada təbliğ edən, Fransada yaşayan həmyerlimiz, beynəlxalq müsabiqələr laureatı, bəstəkar, musiqiçi Etibar Əsədli və onun qrupu yer alıb.

Tamaşaçılar qarşısında geniş və maraqlı proqramla çıxış edən Etibar Əsədli dinləyiciləri üçün repertuarındakı ən zəngin musiqilərini səsləndirib. Musiqiçinin ifasında cazla-muğamın sintezindən, həmçinin Azərbaycan mahnılarının melodiyaları ilə dünya musiqisinin müxtəlif janrlarında, fərqli ritmdə, incəliklə harmoniyalaşdırılmış zəngin və dərin düşüncəli kompozisiyalar hər bir tamaşaçıya yüksək zövq bəxş edib. Musiqiçi bu dəfə tamaşaçılar üçün “Salam”, “Qara qaşın vəsməsi”, “Jamming Mugham”, “Mirror”, “Sarı Gəlin” kompozisiyalarını böyük şövq və məharətlə səsləndirib

Qeyd edək ki, Bakı şəhərində anadan olan musiqiçi ilk təhsilini də burada alıb. Bakıda tam olaraq akademik musiqi təhsili alan Etibar Əsədli yerli və beynəlxalq caz festivallarında uğurlu çıxışlar edib. ABŞ, İngiltərə, Fransa, Avstriya, İsveçrə, Almaniya, Portuqaliya, Rusiya, Türkiyə, Cənubi Koreya, Çin və digər ölkələrdə fərqli layihələrdə konsertlər verib.

Hazırda Etibar Əsədli Paris şəhərində yaşayır. Fransanın məşhur CMDL (Centre des Musique Didier Lockvood) Caz təhsil məktəbinin məzunudur. Eyni zamanda, Avropanın məşhur caz ulduzları ilə müxtəlif layihələrdə iştirak edir.

Festivala mayın 14-də yekun vurulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.