REGİONLAR
Füzuli rayonunda koronavirus epidemiyasına qarşı mübarizə tədbirləri gücləndirilir
Füzuli, 3 aprel, AZƏRTAC
Füzuli rayonunda koronavirus pandemiyasının yarada biləcəyi təhlükəni aradan qaldırmaq, qabaqlayıcı profilaktik tədbirlər həyata keçirmək məqsədilə maarifləndirmə işləri genişləndirilib. Bu tədbirlər sırasında əyani təbliğat vasitələrindən istifadə edilməsinə xüsusi önəm verilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Füzuli Rayon İcra Hakimiyyəti tərəfindən epidemiya əleyhinə hazırlanmış xüsusi maarifləndirmə lövhələri Horadiz şəhərinin əsas giriş küçələrində, əhalinin daha çox görə biləcəyi ərazilərdə yerləşdirilib. Bundan başqa könüllülər tərəfindən hazırlanmış “Evdə qal, salamat qal!" çağırışlı vərəqələr dalanlara, evlərin darvazalarına, mağazaların və apteklərin girişinə, dayanacaqlara asılır. Eyni zamanda, könüllülər tərəfindən koronavirus epidemiyasının tibbi izahatı əks olunmuş kitabçalar ərzaq mağazalarının satıcılarına, yanacaqdoldurma məntəqələrinin əməkdaşlarına və digər sakinlərə paylanır.
Rayon icra hakimiyyəti tərəfindən yaradılmış mobil qruplar tərəfindən də əhali arasında maarifləndirmə izahat işləri davam etdirilir, rayonun işğaldan azad edilmiş ərazilərində dezinfeksiya tədbirləri həyata keçirilir.