REGİONLAR
Füzuli rayonunda yeni artezian quyusu istifadəyə verilib
Füzuli, 16 iyul, Aydın Yavərzadə, AZƏRTAC
“Ot Kökləri və İnsan Təhlükəsizliyi” üzrə Qrant Yardımı Proqramı çərçivəsində həyata keçirilən layihə əsasında Füzuli rayonunda yeni artezian quyusu istifadəyə verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Füzuli rayon Şükürbəyli kəndində yeni istifadəyə verilən artezian quyusunun açılış mərasimində Füzuli Rayon icra Hakimiyyətinin nümayəndələri, Yaponiyanın Azərbaycandakı səfiri Vada Cüniçi iştirak edib.
Məlumat üçün bildirilib ki, “Ot Kökləri və İnsan Təhlükəsizliyi” üzrə Qrant Yardımı Proqramı çərçivəsində “Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu” tərəfindən Füzuli rayonu Şükürbəyli kəndində içməli su təchizatının yaxşılaşdırılması üçün 1 artezian quyusu qazılaraq 1 ədəd transformator, 1 “tap-stand”, 5 su paylama nöqtəsi və 1 su çəni inşa edilib. Qeyd edilib ki, yeni istifadəyə verilən quyudan kəndin 1600 sakini yararlana biləcək.
Yaponiyanın Azərbaycandakı səfiri Vada Cüniçi layihə barədə məlumat verib və bu istiqamətdə görülən işləri yüksək dəyərləndirib.
Daha sonra yeni istifadəyə verilən artezian quyusuna baxış keçirilib və sudan istifadə olunub.