ELM VƏ TƏHSİL
Füzuli şəhərində tikiləcək peşə təhsili mərkəzinin layihələndirilməsi üzərində işlər gedir
Bakı, 3 avqust, AZƏRTAC
Son illərdə Azərbaycanın regionlarında müasir standartlara cavab verən peşə təhsili müəssisələri yaradılır. Həmçinin fəaliyyətdə olan peşə məktəblərinin maddi-texniki bazası yaxşılaşdırılır, infrastrukturu yenilənir. Bu ilin payızında Cəlilabadda 800 nəfərlik yeni peşə təhsili müəssisəsinin istifadəyə verilməsi nəzərdə tutulur. Hazırda Lənkəranda peşə təhsili mərkəzi tikilir, eyni zamanda, Füzuli şəhərində tikiləcək peşə təhsili mərkəzinin layihələndirilməsi üzərində işlər gedir.
Bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru vəzifəsini müvəqqəti icra edən, direktor müavini Ceyhun Kərəmov Elm və Təhsil Nazirliyi sisteminə aid peşə məktəblərinə müəllimlərin və istehsalat təlimi ustalarının işə qəbulu müsabiqəsinin imtahan prosesini izləmək üçün təşkil olunan infoturda AZƏRTAC-a açıqlamasında deyib. O bildirib ki, peşə təhsili müəssisələri tikilən zaman yerləşdiyi coğrafiyanın iqtisadi prioritetlərinə uyğunlaşdırılır. Həmin rayonda və ətraf rayonlarda əmək bazarının tələblərinə uyğun ixtisaslar nəzərə alınır.