REGİONLAR
Füzuli taxılçıları 18 min hektardan çox sahədə səpin aparıblar
Füzuli, 31 oktyabr, AZƏRTAC
Respublikamızın ən iri taxılçılıq rayonlarından olan Füzulidə fermer və torpaq mülkiyyətçiləri taxıl səpinini davam etdirirlər.
Füzuli Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, bu günədək 33 min 320 hektar payızlıq şum qaldırılıb, 4 min hektarda arpa, 14 min 100 hektarda buğda səpilib. Rayon taxılçıları səpini optimal müddətdə başa çatdırmaq üçün bütün qüvvələri səfərbər ediblər. Səpin kampaniyasına lazımi qədər traktor, taxılsəpən aqreqat, mala və digər texnika cəlb olunub.
Qeyd edək ki, Füzuli rayonunda strateji məhsul olan taxılçılığın intensiv inkişafına xüsusi diqqət yetirilir. Füzuli yeddinci ildir ki, respublikanın 100 min tondan çox taxıl istehsal edən rayonları sırasındadır. Bu il rayonda 36 min 300 hektar sahədə taxıl becərilib, 108 min 217 ton məhsul əldə edilib. Taxıl istehsalında rayonda yaradılan dörd iri taxılçılıq və bir toxumçuluq təsərrüfatının, həmçinin aqroparkın rolu böyükdür.