İQTİSADİYYAT
GƏNCƏDƏKİ SÜŞƏ QABLAR ZAVODU FƏALİYYƏTİNİ BƏRPA EDƏCƏK
Məhsullarına böyük tələbat olan Gəncə şüşə qablar zavodu yaxın günlərdə öz fəaliyyətini bərpa edəcəkdir. Bunun üçün dövlət büdcəsindən 2 milyard manat vəsait ayrılmışdır. Bunu İqtisadi İnkişaf Nazirliyi Gəncə şəhər şöbəsinin müdiri Azər Muradov AZƏRTAC-ın müxbiri ilə söhbətində demişdir. O, qeyd etmişdir ki, vaxtilə burada gün ərzində 300 min ədəd şüşə qab istehsal edilirdi ki, bu da respublikamızın şərab və emal müəssisələrinin şüşə qaba olan ehtiyacını, qismən də olsa, ödəyirdi. Zavodda 300 nəfərə yaxın fəhlə və qulluqçu çalışırdı. Müəssisə yenidən işə düşəndən sonra bütün bu göstəricilər bərpa ediləcəkdir.