SİYASƏT
GÜRCÜSTAN PARLAMENTİNİN SƏDRİ XANIM NİNO BURCANADZENİN AZƏRBAYCAN RESPUBLİKASINA RƏSMİ SƏFƏRİNİN NƏTİCƏLƏRİNƏ DAİR BİRGƏ BƏYANAT
Azərbaycan Respublikası Milli Məclisinin sədri cənab Murtuz Ələsgərovun dəvəti ilə Gürcüstan Parlamentinin sədri xanım Nino Burcanadzenin başçılığı ilə Gürcüstanın parlament nümayəndə heyəti 2002-ci il yanvarın 28-29-da Azərbaycan Respublikasında rəsmi səfərdə olmuşdur.
Səfər zamanı dostluq və qarşılıqlı anlaşma şəraitində aparılmış danışıqlarda və müzakirələrdə tərəflər Gürcüstan ilə Azərbaycan Respublikası arasında ikitərəfli parlament əməkdaşlığının vacibliyini vurğulamış, bu əməkdaşlığın daha da möhkəmləndirilməsinin və genişləndirilməsinin perspektivlərini müəyyən etmişlər.
Azərbaycanla Gürcüstan arasında əsrlər boyu mövcud olmuş dostluq, mehriban qonşuluq və yaxın əməkdaşlıq ənənələrinə əsaslanaraq, tərəflər iki qonşu ölkə arasında siyasi, iqtisadi və humanitar sahələrdə daha möhkəm münasibətlərin qurulmasının, birgə layihələrin həyata keçirilməsinin zəruriliyini qeyd etmişlər.
Üzv olduqları beynəlxalq parlament təşkilatlarında tərəflər fəaliyətlərini əlaqələndirmək və bir-birinə yardım etmək barədə razılığa gəlmişlər.
Cənubi Qafqazda sülhün, əmin-amanlığın qısa müddətdə bərpa olunmasının zəruriliyini vurğulayaraq, tərəflər Gürcüstanın və Azərbaycan Respublikasının ərazi bütövlüyünün gözlənilməsi və sərhəd toxunulmazlığının qorunması şərti ilə Dağlıq Qarabağ və abxaz-Gürcü münaqişələrinin hamılıqla tanınan beynəlxalq hüquq normaları və prinsipləri əsasında tezliklə həll edilməsinin tərəfdarı olduqlarını bildirmişlər. Bununla əlaqədar tərəflər terrorizmə, separatizmə, mütəşəkkil cinayətkarlığa qarşı qanunvericilik sahəsində birgə mübarizə aparılmasının əlaqələndirilməsi barədə razılığa gəlmişlər.
Demokratiyanın, vətəndaş cəmiyyətinin inkişafında, insan hüquq və azadlıqlarının qorunmasında parlamentlərin rolunu qeyd edərək, tərəflər hər iki ölkədə milli azlıqların hüquqlarının təmin olunmasında öz imkanlarından istifadə edəcəklərini bəyan etmişlər.
Parlamentlərarası münasibətlərdə qarşılıqlı səfərlərin əhəmiyyətini müsbət qiymətləndirərək, tərəflər bu təcrübənin gələcəkdə də davam etdirilməsi barədə razılığa gəlmişlər.
Birgə bəyanat 2002-ci il yanvarın 29-da Bakı şəhərində Azərbaycan və gürcü dillərində imzalanmışdır.
Azərbaycan Respublikası Gürcüstan parlamentinin
Milli Məclisinin sədri sədri
Murtuz Ələsgərov Nino Burcanadze