REGİONLAR
Gədəbəyin 83 ümumtəhsil məktəbində 10516 şagird təhsil alır
Gədəbəy, 18 fevral, Rauf Hacıyev, AZƏRTAC
Respublikamızın ucqar dağlıq rayonu olan Gədəbəydə təhsilin inkişafı, infrastrukturunun və maddi-texniki bazasının müasirləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərə uyğun olaraq ötən il rayonun Talakənd, Dördlər və Əyrivəng kəndlərində 40 şagird yerlik modul tipli məktəb binaları qurulub. Rayonun Miskinli kəndindəki 60 yerlik körpələr evi uşaq bağçası yenidən tikilib, 15 yerlik Samanlıq kənd körpələr evi-uşaq bağçası isə əsaslı təmir olunub.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, hazırda rayonun 83 ümumtəhsil məktəbində 10516 nəfər şagird təhsil alır. Məktəblilərin təlim-tərbiyəsi ilə 1530 nəfər pedaqoji işçi məşğul olur. 2017-2018-ci tədris ilində məktəbin 11-ci sinfini 731 nəfər bitirib. Məzunlardan 368 nəfəri və ya 50,3 faizi ali məktəblərə qəbul olunmaq üçün sənəd verib. Onlardan 228 nəfər ali məktəblərə qəbul olub. Ali məktəblərə qəbul olanların 54 nəfəri 500-dən, 24 nəfəri isə 600-dən yuxarı bal toplayıb.