İQTİSADİYYAT
Gələn il Azərbaycanda ümumilikdə 300 meqavatlıq alternativ enerji layihələri həyata keçiriləcək
Ölkəmizdə alternativ və bərpa olunan enerji mənbələrindən istifadəyə böyük önəm verilir. 2015-ci ildə günəş, geotermal sular, külək, kiçik çaylar, biokütlə kimi alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunmaqla ümumilikdə 300 meqavatlıq enerji layihələri həyata keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu fikirləri energetiklərin peşə bayramı münasibətilə Azərbaycan Respublikası Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyində (ABOEM) keçirilən tədbirdə qurumun sədri Akim Bədəlov səsləndirib.
Peşə bayramı münasibətilə kollektivi təbrik edən A.Bədəlov Prezident İlham Əliyevin bu il iyulun 16-da Dövlət Agentliyinin “Azalternativenerji” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) Suraxanı Günəş Elektrik Stansiyasının açılışında iştirakını dövlət tərəfindən bu sahəyə göstərilən diqqət və qayğının bariz nümunəsi kimi dəyərləndirib. Bərpa olunan enerji mənbələrindən istifadənin mövcud vəziyyəti və perspektivləri barədə məlumat verən Dövlət Agentliyinin sədri qeyd edib ki, qurumun məqsədi alternativ və bərpa olunan enerji mənbələrinin inkişafında istiqamət və nümunə rolunu oynayacaq həll yollarının yaradılmasına və inteqrasiyasına təkan verməkdir.
Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələrindən istifadə üçün böyük imkanlar olduğunu deyən A.Bədəlov bildirib ki, yeni yaradılmasına baxmayaraq ABEOM bir çox layihələr həyata keçirməkdədir. Belə ki, bu gün Bakının Pirallahı rayonunda inşası başa çatdırılan günəş elektrik stansiyasının ilkin mərhələdə 1 meqavat gücə malik hissəsi istifadəyə verildi. Həmçinin Qaradağ rayonunda, Sumqayıt və Samuxda günəş elektrik stansiyalarının, Xızı rayonunun Yeni Yaşma ərazisində 50 meqavat gücündə külək elektrik stansiyasının tikintisi davam etdirilir. Şəki rayonunun ərazisindən keçən Kiş çayı üzərində isə kiçik su elektrik stansiyasının tikintisi isə başa çatdırılıb. Gələn il Şəki və Siyəzən rayonlarında biokütlə enerjisi stansiyaları qurularaq işə salınacaq. Bu stansiyalar həm ətraf mühitə atılan tullantıların miqdarının azalmasına müsbət təsir göstərəcək, həm də yeni enerji istehsalı növündən istifadəyə imkan verəcək.
Çıxış edən energetiklər onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Dövlət Agentliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.