MƏDƏNİYYƏT
Gənc Tamaşaçılar Teatrında treninqlərə yekun vurulub
Bakı, 24 oktyabr, AZƏRTAC
Oktyabrın 24-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında marketinq üzrə teatr menecerlərinə sertifikatlar təqdim olunub.
AZƏRTAC xəbər verir ki, bununla əlaqədar keçirilən tədbirdə teatrın direktoru, Əməkdar Artist Mübariz Həmidov çıxış edərək treninq iştirakçılarının tədris və təlimi ilə yaxından məşğul olan pedaqoqlara təşəkkürünü bildirərək iştirakçılara gələcək əməkdaşlıqda uğurlar arzulayıb.
Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Sevda Ağayeva, teatrın baş rejissoru, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov, teatrın ədəbi-dram hissə müdiri Rafiq Rəhimli, Azərbaycan Teatr Treninq Mərkəzinin direktoru Şaiq Səfərov peşəkar teatr meneceri sahəsində kadrlara olan tələbat, treninq müddətində müraciət edilən mövzular, aparılan fikir mübadilələri, gələcəkdə nəzərdə tutulan daha genişmiqyaslı treninqlər barədə fikirlərini bölüşüblər.
Natiqlər iştirakçılar bu müddət ərzində əldə etdikləri bilgilərin gələcəkdə onlar üçün olduqca əhəmiyyətli baza rolu oynayacağından söz açıblar.
Çıxışlardan sonra treninq iştirakçılarına Dövlət Gənc Tamaşaçılar Teatrı, Azərbaycan Milli Mərkəzi (ASSİTEJ) və Azərbaycan Teatr Treninq Mərkəzinin sertifikatları təqdim olunub.
Sonda iştirakçılar teatr rəhbərliyinə və treninq təşkilatçılarına minnətdarlıqlarını bildiriblər.