REGİONLAR
Gəncə Beynəlxalq Avtovağzal Kompleksində tikinti işləri yekunlaşıb
Burada 200 nəfər işlə təmin ediləcək
Gəncə 20 noyabr, Rauf Hacıyev, AZƏRTAC
Gəncə Beynəlxalq Avtovağzal Kompleksinin tikinti işləri yekunlaşıb. Avtovağzalın ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulub. Kompleks istifadəyə verildikdən sonra burada 200 nəfər daimi işlə təmin olunacaq.
Bu barədə AZƏRTAC-a Gəncə Beynəlxalq Avtovağzal Kompleksinin rəisi Namiq Həsənov müsahibəsində deyib.
O bildirib ki, ilk dəfə 2012-ci ildə Gəncə-Bakı avtomobil yolunun sağ hissəsində Gəncə Beynəlxalq Avtovağzal Kompleksi üçün ayrılmış 5 hektar ərazidə tikinti işlərinə başlanılıb.
Avtovağzal üçün orijinal layihə əsasında müasir tələblər səviyyəsində ümumi sahəsi 3 min kvadrat metr olan iki mərtəbəli bina tikilib.
Qeyd edilib ki, 3 hissədən ibarət binada sərnişinlər üçün kassa, gözləmə zalı, ana və uşaq otağı, ibadətxana, kommunikasiya dolabı, dispetçer və mühəndis otaqları, tibb, polis və təhlükəsizlik xidməti məntəqəsi yaradılıb. Zalda avtobusların hərəkət cədvəlini göstərən elektron lövhə asılıb, döşəmə isə günərzi isitmə sisteminə qoşulub. Avtovağzalın və sərnişinlərin təhlükəsizliyini təmin etmək üçün binanın daxili divarlarında yanğın əleyhinə vasitələrlə təmin edilmiş dolablar qoyulub, videomüşahidə kameraları quraşdırılıb.
N.Həsənov deyib ki, avtovağzalın birinci mərtəbəsində özünəxidmət kafe, ikinci mərtəbədə isə 450 kvadrat metr sahədə restoran, eləcə də gənclər üçün istirahət guşəsi, market, suvenir, hədiyyə və telefon aksesuarları mağazası, tibb məntəqəsi və əczaxana fəaliyyət göstərəcək. Kompleksin digər otaqlarında isə avtovağzal əməkdaşlarının fəaliyyəti üçün zəruri otaqlar yaradılacaq.
Gəncə Beynəlxalq Avtovağzal Kompleksinin gələcək iş rejimi haqqında məlumat verən Namiq Həsənov deyib ki, avtovağzalda hər gün səhər saat 6:00-dan başlayaraq əsasən respublikanın Şimal, Cənub və Şərq bölgələrinə, həmçinin beynəlxalq istiqamətdə sərnişindaşımalar həyata keçiriləcək.
Bildirilib ki, avtobusların daha asan yanalması üçün kompleksdə peron quraşdırılıb. Avtovağzalı fasiləsiz su ilə təmin etmək və yanğın təhlükəsizliyi məqsədilə hər biri 60 tonluq iki yeraltı su çəni tikilib. Binanın isitmə sistemini təchiz etmək üçün isə istixana yaradılıb. Kompleksdə həm də sürücülər üçün istirahət otağı, sərnişin yüklərinin saxlandığı baqaj, ərzaq anbarı, avtomobil ehtiyat hissələri mağazası, nəqliyyat vasitələrinə texniki xidmət və avtoyuma məntəqəsi fəaliyyət göstərəcək.
Qeyd edək ki, hazırda kompleksin həyətində yaşıllıq və dekorativ gül kollarının əkilməsi, eləcə də ərazinin asfaltlanması və səki daşlarının düzülməsi davam edir.