REGİONLAR
Gəncə Dövlət Filarmoniyasında ilk dəfə “Leyli və Məcnun” operası oynanılıb
Gəncə, 12 fevral, Rauf Hacıyev, AZƏRTAC
Gəncə Dövlət Filarmoniyasının səhnəsində ilk dəfə olaraq Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operası nümayiş olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Leyli və Məcnun” operasının 110 illik yubileyi çərçivəsində nümayiş etdirilən səhnə əsərində baş rolları Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solistləri - Xalq artisti Mənsum İbrahimov (Məcnun) və gənc muğam ifaçısı Arzu Əliyeva (Leyli) canlandırıblar.
Həmçinin Əməkdar artistlər Cahangir Qurbanov (Nofəl), Təyyar Bayramov (İbn-Səlam), Xalq Artisti Sabir Əliyev (Şeyx), solistlər Afaq Ağayeva, Elnur Zeynalov, Aytən Məhərrəmova, Taleh Yahyayev və Nəzər Bəylərov isə digər rollarda çıxış ediblər. Əməkdar İncəsənət Xadimi Sevil Hacıyevanın dirijoru olduğu səhnə əsərinin musiqilərini teatrın xor kollektivi və simfonik orkestri ifa edib.
Qeyd edək ki, Gəncə Dövlət Filarmoniyası 2017-ci il noyabrın 10-da Prezident İlham Əliyevin Gəncəyə səfəri zamanı istifadəyə verilib.