CƏMİYYƏT
Gəncə şəhərində narkotik satan şəxslər saxlanılıb
Bakı, 13 iyul, AZƏRTAC
Gəncə şəhərində narkotik satan şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq satış məqsədi ilə narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakinləri Hamlet Əliyev və onun yaxın qohumu Zaman Fərəcov saxlanılıb. Polis idarəsində saxlanılan şəxslərin üzərilərinə baxış keçirilən zaman heroin aşkarlanaraq götürülüb. Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində H.Əliyevin yaşadığı fərdi yaşayış evində xüsusi bükümlərdə olan külli miqdarda metamfetamin, heroin və bir ədəd elektron tərəzi aşkarlanıb.
Bundan başqa, rayon polis idarəsinin ərazi üzrə polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakinləri Heydər Əhmədov və Ramil Babayev saxlanılıb. Saxlanılan şəxslərdən narkotik maddə olan heroin aşkarlanaq götürülüb.
Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim olunub.
Faktlarla bağlı Gəncə Şəhər Baş Polis İdarəsinin istintaq və təhqiqat idarəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.