REGİONLAR
Gəncə: xüsusi istedadlar sinfini bitirən 17 məzun qəbul imtahanlarında müsbət nəticə göstərib
Gəncə 17 avqust, Rauf Hacıyev, AZƏRTAC
Gəncə şəhər İsrafil Məmmədov adına 27 nömrəli fizika, riyaziyyat, informatika təmayüllü məktəb-liseyinin xüsusi istedadlar sinfində təhsil alan 17 şagirdin hamısı ali məktəblərə qəbul imtahanlarında müsbət nəticə göstərib.
AZƏRTAC xəbər verir ki, qəbul imtahanlarında xüsusi istedadlar sinfini bitirən məzunlardan 7-si 600-dən, 6-sı 500-dən, 2-si 400-dən, 2-si 300-dən yuxarı, 1 nəfər isə 299 bal toplayıb.
Sinfin ən yüksək nəticə göstərən şagirdi Təhsil Nazirliyinin əmri ilə qızıl medalla təltif edilən Elvin İbrahimli olub. O, 676 bal toplayaraq Azərbaycan Tibb Universitetini seçib. Xüsusi istedadlar sinfinin məzunlarından 14-ü Bakıdakı, 3-ü isə Gəncədəki universitetlərdə oxumaq arzusundadırlar. Məzunlardan 9-u orta məktəbi fərqlənmə attestatı ilə bitirib.
Qeyd edək ki, Gəncədə xüsusi istedadlar sinfi Prezident İlham Əliyevin 2006-cı ildə imzaladığı “Xüsusi istedada malik uşaqların yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı” çərçivəsində 2010-cu ildə təhsil nazirinin əmri ilə yaradılıb.