ELM VƏ TƏHSİL
Gəncədə Məhsəti Gəncəvinin 900 illik yubileyi çərçivəsində bir sıra beynəlxalq layihələr həyata keçiriləcəkdir
Gəncə, 13 fevral (AZƏRTAC). Gəncədə Məhsəti Gəncəvinin 900 illik yubileyi çərçivəsində bir sıra beynəlxalq layihələr həyata keçiriləcəkdir. Bu layihələrdən biri II Asiya Kitab Forumudur. Xatırladaq ki, I Asiya Kitab Forumu ilk dəfə Amerika Bİrləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda keçirilmişdir.
AMEA-nın Gəncə Elmi Mərkəzinin direktor müavini Samir Pişnamazzadə AZƏRTAC-a demişdir ki, may ayında keçirilməsi nəzərdə tutulmuş həmin tədbir üçün geniş hazırlıq işlərinə başlanılmışdır. Forum bir sıra tədbirlərlə yaddaqalan olacaqdır. Qərara alınmışdır ki, dünyanın bir çox ölkələrindən dəqiq və humanitar elmlər sahəsində yazılan ən sanballı əsərlər şəhərə gətirilsin və üç nominasiya üzrə-bədii yaradıcılıq, klassik ədəbiyyatla bağlı illüstrasiya və xəttatlıq üzrə keçiriləcək müsabiqələrdə qalib gələnlərə qiymətli hədiyyələrlə yanaşı, həmin kitablar da hədiyyə edilsin. Bundan başqa, forumda nümayiş etdiriləcək həm yerli, həm də əcnəbi yazarların kitablarının satışı və hədiyyə verilməsi də təşkil olunacaqdır.
Artıq beynəlxalq tədbirdə iştirak etmək üçün 40-dan çox ölkədən müraciət daxil olmuşdur.