REGİONLAR
Gəncədə avtoxuliqanlıq edən şəxs saxlanılıb VİDEO
Gəncə, 16 yanvar, Elcan Məmmədov, AZƏRTAC
Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin (ŞBPİ DYPB) əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində “LADA” markalı avtomobillə avtoxuliqanlıq edən, ictimai-asayişi nümayişkaranə şəkildə pozaraq vətəndaşların haqlı narazılığına səbəb olan sürücü saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, araşdırmalar zamanı şəhər sakini Şahin Məmmədovun qanun pozuntularını narkotik vasitənin təsiri altında törətməsi məlum olub. Dəfələrlə analoji əməllər törətməsinə görə inzibati tənbeh tədbiri görülən Ş.Məmmədov barəsində protokol tərtib olunaraq məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə həmin şəxs 25 gün inzibati qaydada həbs olunub.