CƏMİYYƏT
Gəncədə quldurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
Bakı, 26 fevral, AZƏRTAC
Gəncə Şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Nizami Rayon Polis İdarəsi əməkdaşlarının peşəkarlıqla keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində naməlum şəraitdə baş vermiş quldurluq hadisəsini törədən şəxsin kimliyi məlum olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, rayon polis idarəsinə fevralın 22-də səhər saat 5 radələrində üzündə maska olan naməlum şəxsin şəhər ərazisindəki yanacaqdoldurma məntəqələrindən (YDM) birinə basqın edərək, əlindəki bıçaqla YDM əməkdaşından pul tələb etməsi, istəyinə nail olmadıqda isə YDM-nə benzin tökərək yandırmağa cəhd etməsi barədə məlumat daxil olub.
Polis əməkdaşları dərhal hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıblar. Quldurluq hadisəsini törətməkdə şübhəli bilinən şəhər sakini, 28 yaşlı Ruslan Tağıyev keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində maddi sübutlarla birlikdə saxlanılaraq istintaqa təhvil verilib.
Dindirilmə zamanı törətdiyi cinayət hadisəsini etiraf edən R.Tağıyev barəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.