REGİONLAR
Gəncənin Şəhidlər xiyabanında Azərbaycanın ərazi bütövlüyü uğrunda itkin düşmüş şəxslərin adları əbədiləşdirilib
Gəncə, 20 yanvar, Rauf Hacıyev, AZƏRTAC
Gəncənin Şəhidlər xiyabanında Azərbaycanın ərazi bütövlüyü uğrunda itkin düşmüş 90 nəfərin adı əbədiləşdirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gəncə şəhəri, Nizami Rayon Bələdiyyəsinin 4 saylı qəbiristanlığına daxil olan Şəhidlər xiyabanında 376 şəhidin, həmçinin 5 nəfər Azərbaycanın Milli Qəhrəmanının (Ənvər Arazov, Elbrus Allahverdiyev, Şahlar Hüseynov, İqor Makeyev, Pərviz Səmədov) və Gəncənin ilk qadın şəhidi Sevda Cabbarovanın məzarları var. Məzarlardan 49-u isə naməlumdur.
Gəncənin Şəhidlər xiyabanında Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəxslərin xatirəsini əbədiləşdirmək üçün 2013-cü il yanvarın 20-də əbədi məşəl abidəsi ucaldılıb. Abidənin hündürlüyü 21 metrdir.
Hazırda isə Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi uğrunda itkin düşmüş 90 nəfərin adının əbədiləşdirilməsi üçün mərmər lövhə yaradılıb.
Abidənin 20 Yanvar – Ümumxalq Hüzn Günündə açılışı olub. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və şəhər ictimaiyyəti abidəni ziyarət edib, önünə güllər düzüblər.