CƏMİYYƏT
Gənclər Fondunun yenilənmiş veb-səhifəsinin təqdimatı olub
Bakı, 19 aprel, AZƏRTAC
Azərbaycan Respublikası Gənclər Fondunun müasir tələblər səviyyəsində təkmilləşdirilən və yeni imkanlarla zənginləşdirilən rəsmi veb-səhifəsinin (www.youthfoundation.az) Bakı Konqres Mərkəzində təqdimatı keçirilib.
Fonddan AZƏRTAC-a bildiriblər ki, təqdimat mərasimində saytın dizaynında, texniki və proqram təminatında edilən dəyişikliklər və tətbiq olunan yeniliklər barədə ətraflı məlumat verilib. Diqqətə çatdırılıb ki, saytda istifadəçilərin lazımi məlumatları qısa müddətdə əldə edə bilmələri üçün müasir veb-dizayn komponentlərindən istifadə olunub. Saytda texniki və proqram təminatı baxımından ən müasir yeniliklər tətbiq edilib. Gənclər Fondunun saytında təşkilatın struktur bölmələri haqqında yenilənən məlumat bazası ilə yanaşı, məşğulluq proqramına qoşulmaq üçün onlayn müraciət qaydaları və vakansiyalar, gənclər təşkilatları və fəaliyyət istiqamətləri haqqında informasiyalar yer alıb.
Gənclər təşkilatlarının nümayəndələrinin iştirak etdikləri təqdimat mərasimində saytın yenilənmiş versiyası ilə bağlı müzakirələr aparılıb, təkliflər dinlənilib.