MƏDƏNİYYƏT
Gənclər, kitabxanada öz günlərini qeyd edib
Bakı, 1 fevral, AZƏRTAC
“Gələcəyin qurucuları - gənclik” – Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında fevralın 1-də təşkil edilən tədbir belə adlanır.
AZƏRTAC xəbər verir ki, ümummilli lider Heydər Əliyevin gənclər siyasətindəki xidmətlərini əks etdirən videoçarxın nümayişi ilə başlayan tədbirdə kitabxananın direktoru Oruc Quliyev Gənclər Gününün əhəmiyyətindən söz açıb. Deyib ki, 2 fevral tarixinin Gənclər Günü kimi elan olunması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderin hakimiyyətə ikinci dəfə qayıdışından sonra ölkəmizdə gənclər siyasətinin əsası qoyulub.
Kitabxananın elmi işlər üzrə direktor müavini Xalidə Musayeva söyləyib ki, bu gün Prezident İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, habelə gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait, ölkədə ilk dəfə “Gənclər üçün Prezident mükafatı”nın təsis edilməsi bu sahəyə yönələn böyük diqqətin nəticəsidir.
Əməkdar jurnalist Rəhim Hüseynzadə gənclik sözünü xüsusi bir fəlsəfi termin adlandırıb. O, çıxışını gəncliyin uğurları, respublikanı dünya miqyasında qürurla təmsil etmələri, həmçinin canlarından keçən yüzlərlə vətən övladının Şəhidlər xiyabanında əbədi uyumaları mövzusunda davam edib.
Bakı Tibb Kollecinin tələbələri Arifə Səmədova və Nərmin Quliyeva çıxışlarında ümummilli lider Heydər Əliyevin gənclərlə bağlı siyasətini müstəqil Azərbaycan dövlətinin ən mühüm fəaliyyət istiqamətlərindən biri kimi dəyərləndirib, bugünkü gəncliyi sağlam düşüncəli, vətənpərvər, xalqını, millətini sevən gələcəyin qurucuları kimi xarakterizə ediblər.
Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının Tələbə Gənclər Təşkilatının üzvlərindən Elnur Zeynallı, Rüyan Əkbərov, Seyid Məmmədov, Səyyad Mirzəzadə müasir gəncliyin maraq dairəsi, dünyagörüşünün formalaşmasında əsas istiqamətverici amillər, təhsilə, kitaba, kitabxanalara münasibətlər mövzularında çıxış edib, öz həmyaşıdlarını elmə, təhsilə mükəmməl yiyələnməyə, pis vərdişlərdən uzaq olmağa səsləyiblər.
Tədbir ədəbi-bədii hissə ilə davam edib.
Sonda tədbir iştirakçıları “Gənclər-gələcəyimiz” adlı kitab sərgisi ilə tanış olublar.