ELM VƏ TƏHSİL
Gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi vacib məsələdir
Bakı, 24 noyabr, AZƏRTAC
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə Gənc Vətənpərvərlər Birliyi tərəfindən “Gənclər arasında vətənpərvərlik tərbiyəsinin təşviqi” mövzusunda tədbir keçirilib.
ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə bu ali məktəbin tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinin önəmli məsələ olduğunu qeyd edib, mövzunun əhəmiyyətini diqqətə çatdırıb.
Gənc Vətənpərvərlər Birliyinin sədri Muğamət Əliyevin “Gənclər arasında vətənpərvərlik tərbiyəsinin təşviqi” mövzusunda məruzəsi dinlənilib.
M.Əliyev gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsinin zərurililiyini vurğulayıb. O, eyni zamanda, rəhbərlik etdiyi təşkilatın fəaliyyət istiqamətləri, reallaşdırdığı tədbirlər haqqında məlumat verib.
Birliyin sədrinin hərbi məsələlər üzrə müşaviri, təqaüddə olan polkovnik İslam Əzimov gəncləri vətənpərvərliyə çağırıb.
Tədbirdə ADNSU-ya Gənc Vətənpərvərlər Birliyinin fəxri diplomu təqdim olunub.