DÜNYA
Getmək istəyirsən, bəhanəsiz get...
Elton Con üç ildir ki, vidalaşır, amma getmir
Praqa, 8 may, AZƏRTAC
Belə bir ifadə var: “İngilissayağı getmək”. Bu o deməkdir ki, vidalaşmadan gedirsən. İngilis Elton Con isə, görünür, Brexit-dən nümunə götürərək, bu stereotipi tamamilə alt-üst edir. Artıq üç ildir ki, o, səhnə ilə vidalaşır, amma səhnəni heç cür tərk etmir.
Bu gün Çexiya paytaxtındakı “O2 arena”da Elton Conunun “Farewell Yellow Brick Road” vida turnesi çərçivəsində sayca 300-cü konserti olacaq. Bu üç ildə musiqiçi Praqa ilə bundan əvvəl də vidalaşıb. 2016-cı ildə o, elə həmin “O2 arena”da 13 minə yaxın çex tamaşaçı ilə sağollaşdı, lakin sonradan geri qayıtmağı və bu tamaşaçılarla bir daha vidalaşmağı qərara aldı.
Onun vidalaşmasının nə vaxt başa çatacağını heç kəs bilmir. Müğənni özü də bunu bilmir.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa