CƏMİYYƏT
Gömrük nəzarətinə düzgün bəyan edilməyən mallar aşkarlanıb VİDEO
Bakı, 4 fevral, AZƏRTAC
Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların düzgün bəyan edilmədiyini aşkarlayıb.
Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, “Hövsan Dəniz” gömrük postuna İran İslam Respublikasından göndərilən döşəmə üçün plitələr və kafel yüklü “Adrina” gəmisi daxil olub. İrandan idxal olunan döşəmə üçün plitə və kafel malların saxlanc gömrük proseduru altında rəsmiləşdirilməsi məqsədilə gömrük bəyannaməsi Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinə təqdim olunub və mallarının mövcudluğu bildirilib. Qeyd olunan malların çəkisi və ümumi miqdarı mal-müşayiət sənədlərində öz əksini tapıb. Gömrük bəyannaməsi baş idarədə qəbul edildikdən sonra idxal olunan mallar “Hövsan Dəniz” gömrük postunun ərazisinə boşaldılıb və bəyan olunan 1000 ton 590 min 170 kiloqram çəkidə olan 58688.25 kvadratmetr (842 yer) döşəmə üçün plitə və kafel malları yoxlanılıb. Nəticədə “Adrina” gəmisi vasitəsilə idxal olunan və 58688.25 kvadratmetr kimi bəyan edilən malların sənədlərdə göstərilən miqdardan 17721.99 kvadratmetr çox, ümumilikdə 76410.24 kvadratmetr olduğu məlum olub. Buna görə də yuxarıda ad və sayları qeyd edilən mallar Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin “Hövsan Dəniz” gömrük postunun ərazisində saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.