CƏMİYYƏT
Görkəmli alim, Azərbaycan damar cərrahiyyəsinin banilərindən biri Bəhram Aşurovun 70 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilmişdir
Bakı, 2 iyul (AZƏRTAC). Azərbaycan Tibb Universitetində (ATU) görkəmli alim, Azərbaycan damar cərrahiyyəsinin banilərindən biri, tibb elmləri doktoru, professor Bəhram Aşurovun 70 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, konfransda ATU-nun prorektoru Sabir Əliyev Azərbaycan elminin inkişafında böyük xidmətləri olan alimlərin yubileylərinin qeyd olunması və bu münasibətlə ənənəvi konfransların keçirilməsinin əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu bildirmişdir. Prorektor bu siyasətin davamı, səhiyyə elmimizə və alimlərimizə göstərilən diqqət və qayğıya görə tibb ictimaiyyətinin Prezident İlham Əliyevə minnətdarlığını ifadə etmişdir.
Tədbirdə universitetin ümumi cərrahiyyə kafedrasının müdiri, professor Çərkəz Cəfərov tibb sahəsində görkəmli alimin həyat və fəaliyyəti haqqında məruzə etmişdir.
Elmi-Tədqiqat Kliniki və Eksperimental Təbabət İnstitutunun kliniki ordinaturasını bitirdikdən sonra həmin institutun elmi katibi vəzifəsinə təyin edilməsi B.Aşurovun damar cərrahlığı problemləri ilə məşğul olmasına geniş imkanlar açır.
Konfransda akademik Böyükkişi Ağayev və başqaları B.Aşurovu Azərbaycanda damar cərrahlarının pionerlərindən biri kimi səciyyələndirmişlər. Bildirilmişdir ki, bu ali təhsil müəssisəsində müxtəlif vəzifələrdə çalışmış B.Aşurov 1989-cu ildə ümumi cərrahiyə kafedrasının müdiri seçilmiş və ömrünün sonunadək bu kafedraya rəhbərlik etmişdir. Yüzə yaxın elmi əsərin və bir monoqrafiyanın müəllifi olmuş görkəmli alimin rəhbərliyi ilə 10 namizədlik və 2 doktorluq dissertasiyası müdafiə olunmuşdur.
Konfransda Avropa Damar Cərrahiyyəsi Assosiasiyasının prezidenti, akademik Anatoli Bakrovskinin alim haqqında videoyazısı təqdim olunmuşdur.
Sonda alimin oğlu Rəsul Aşurov konfransın iştirakçılarına minnətdarlığını bildirərək, Azərbaycanın səhiyyə sistemində qazanılan uğurların Prezident İlham Əliyevin qayğısı nəticəsində əldə olunduğunu vurğulamışdır.
Konfransın ikinci hissəsində elmi tədqiqatlara həsr olunmuş məruzələr dinlənilmişdir.