MƏDƏNİYYƏT
Görkəmli kinooperator və kinorejissor Muxtar Dadaşovun 100 illik yubileyi qeyd edilmişdir
Bakı, 28 iyun (AZƏRTAC). İyunun 28-də Dövlət Film Fondunda Xalq Artisti, Dövlət mükafatı laureatı, görkəmli kinooperator və kinorejissor Muxtar Dadaşovun 100 illik yubileyi qeyd edilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Dövlət Film Fondunun foyesində Muxtar Dadaşovun yaradıcılığına həsr edilmiş fotosərgi ilə tanış olmuşlar.
Mərasimi açan Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibi, Əməkdar İncəsənət Xadimi Cəmil Quliyev bildirmişdir ki, tədbir Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və Dövlət Film Fondunun birgə təşkilatı dəstəyi ilə reallaşmışdır. Muxtar Dadaşov kimi görkəmli sənətkar haqqında danışmağı özü üçün böyük şərəf olduğunu deyən natiq vaxtilə təmsil etdiyi quruma üzv qəbul edilməsində onun böyük təsiri olduğunu diqqətə çatdırmışdır.
Bildirmişdir ki, çox xeyirxah, təvazökar, yaradıcı bir insan olan Muxtar Dadaşovun qoyduğu irs bizim müasir kino sənətimizdə xüsusi əhəmiyyət daşıyır. O, bir operator kimi Azərbaycan kinosuna böyük töhfələr vermişdir. Bu gün də tamaşaçılar “Kəndlilər”, “Arşın mal alan” filmlərinə böyük həvəslə baxırlar. Bir xoş xəbər kimi diqqətə çatdırılmışdır ki, Muxtar Dadaşov tərəfindən çəkilən “Arşın mal alan” filmi bir neçə gün bundan əvvəl bərpa olunmuşdur. Yaxın günlərdə bu film Kannda, “Debyüssi” kino zalında nümayiş olunacaqdır. Eyni zamanda, filmin kino lentində, “blu-ray” və “DSP” formatlarında da bərpası həyata keçirilmişdir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə film hazırda rəngli formada ABŞ-da bərpa olunur. Dövlət Film Fondundan göndərilən nüsxə orada xüsusi elektron varianta keçirilmiş, hazırda üzərində iş gedir.
Sonra Muxtar Dadaşovun xatirəsinə həsr olunmuş videoçarx nümayiş etdirilmişdir.
Əməkdar İncəsənət Xadimi, Prezident təqaüdçüsü Aydın Kazımzadə Muxtar Dadaşovun həyat və yaradıcılığı haqqında geniş məlumat vermişdir.
Bildirilmişdir ki, Muxtar Dadaşov 1913-cü ildə Bakıda anadan olmuşdur. On bir yaşında - 1924-cü ildə ilk dəfə Azərbaycan Dövlət Akademik Dram Teatrının səhnəsinə çıxmış, dörd il sonra C.Cabbarlının “Sevil” pyesinin ilk tamaşasında Gündüzü oynamışdır. 1929-cu ildən Gənc Tamaşaçılar Teatrının aparıcı aktyoru olmuşdur.
1931-ci ildə kino sənətinə gələn Muxtar Dadaşov operator assistenti kimi sənədli və bədii filmlərin çəkilməsində iştirak etmişdir. 1933-cü ildə təcrübəsini artırmaq üçün Moskvaya ezam olunmuş, burada operator kimi filmlərdə işləmişdir. Həmçinin o, M.Vernerin “Canlı Allah” bədii filmində komsomolçu rolunu oynamışdır.
Muxtar Dadaşovun filmləri Azərbaycan sənədli kino tarixində əhəmiyyətli yer tutur. Görkəmli sənətkarın “Sovet Azərbaycanı” filmi Kann Beynəlxalq kino festivalının xüsusi mükafatına layiq görülmüşdür. Muxtar Dadaşov “Arazın o tayında”, “Səadət yolu ilə”, “Bizim Azərbaycan”, “Sabir”, “Kür”, “Əbədi qardaşıq”, “Respublikam haqqında həqiqət” və s. sənədli filmlərin rejissor-operatoru, “Qanun naminə”, “Bakıda küləklər əsir” bədii, tammetrajlı filmlərin quruluşçu rejissoru, “Rəqs edən bağalar”, “Kəndlilər”, “Yeni horizont”, “Vətən oğlu”, “Sualtı qayıq “T-9”, “Arşın mal alan” bədii filmlərinin operatoru olmuşdur.
Muxtar Dadaşov 1977-1983-cü illərdə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında Sənədli Filmlər Birliyinin bədii rəhbəri vəzifəsində çalışmışdır.
Görkəmli sənətkar 1998-ci ildə dünyasını dəyişmişdir.
Yubiley gecəsində Muxtar Dadaşovun quruluş verdiyi filmlərdən fraqmentlər göstərilmiş, sənət dostlarının xatirələri dinlənilmişdir.