REGİONLAR
Göyçay və Şəkidə azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışı keçiriləcək
Bakı, 15 aprel, AZƏRTAC
Göyçay və Şəkidə azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışı keçiriləcək.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, fevral ayından etibarən “Aqrolizinq” ASC tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsüm başa çatmamış azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışına başlanılıb.
Səyyar satışın həyata keçirilməsində əsas məqsəd gübrələrin alışı zamanı vətəndaşların sərf etdikləri zaman, məsafə itkisinin və əlavə məsrəflərin qarşının alınması, həmçinin vətəndaşlara cəmiyyətin əlçatanlığını, yaxınlığını təmin edərək, vətəndaş məmnuniyyətinə nail olmaqdır.
Növbəti səyyar satış aprelin 16-da Göyçay rayonunun Qaraməryəm kəndində, 17-də isə Şəki rayonunun Baş Göynük kəndində kənd inzibati ərazi nümayəndəliklərinin binasında keçiriləcək. Bu kəndlərə yaxın bütün ətraf yaşayış məntəqələrinin sakinləri səyyar satışdan yararlana bilərlər.
Səyyar satış zamanı vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə 70 faiz güzəştdən yararlanmaq imkanı qazanırlar.
Səyyar satış barədə ətraflı məlumat almaq üçün, Göyçay rayonu üzrə +9940503817338 (Elçin İsmayılov, Göyçay Dövlət Aqrar İnkişaf Mərkəzi direktoru), Şəki rayonu üzrə +9940512559307 (Söhrab Hüseynov, “Aqrolizinq” ASC Şəki RN-in direktoru) ilə əlaqə saxlaya bilərlər.