DÜNYA
Göyərtəsində argentinalı futbolçunun olduğu təyyarənin qalıqları tapılıb VİDEO
Bakı, 4 fevral, AZƏRTAC
Fərdi axtarış kompaniyası göyərtəsində “Kardiff” klubunun argentinalı futbolçusu Emiliano Sala və pilot Devid İbbotsonun olduğu təyyarənin qalıqlarını aşkarlayıb.
AZƏRTAC BBC telekanalına istinadla xəbər verir ki, La-Manş boğazı üzərində yoxa çıxmış təyyarənin qalıqları Hernsi adası yaxınlığında tapılıb. Hazırda həmin rayonda Böyük Britaniyanın Nəqliyyat Nazirliyinin havada baş verən insidentlərin təhqiqatı üzrə bölməsinin gəmisi fəaliyyət göstərir. Bölmənin mütəxəssisləri sualtı kəşfiyyat aparmağı, sonra isə təyyarənin qalıqlarının çıxarılması üzrə əməliyyat keçirməyi planlaşdırırlar.
Fevralın 3-də Hernsi adasının polisi pilotun və futbolçunun sağ qalmasına ümidlərin tükəndiyini nəzərə alaraq axtarışı dayandırmış, əməliyyatı isə online şəkildə toplanmış 370 min avro ianə hesabına fərdi axtarış kompaniyası davam etdirməyə başlamışdı.
Xatırladaq ki, göyərtəsində argentinalı futbolçu Emiliano Salanın olduğu yüngül mühərrikli “Piper Malibu” tipli təyyarə yanvarın 21-də Fransadan Böyük Britaniyaya uçarkən La-Manş rayonunda yoxa çıxmışdı. Yanvar ayının ortalarında 28 yaşlı argentinalı Fransanın “Nant” klubundan Uelsin “Kardiff-Siti” klubuna transfer olmaq üçün müqavilə imzalamışdı. Sövdələşmənin məbləği 15 milyon funt sterlinq dəyərində idi.