CƏMİYYƏT
Gürcüstandakı müsəlman icması ölkənin möhkəmlənməsində mühüm rol oynayır
Tbilisi, 11 iyun, AZƏRTAC
İslam dini Gürcüstanda nümunəvi dinlərdən biridir. Gürcüstandakı müsəlman icması ölkənin möhkəmlənməsində və inkişafında mühüm rol oynayır.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Gürcüstanın Marneuli rayonunun İkinci Kosalı kəndindəki İslam Mədrəsəsində məzun gününə həsr olunmuş mərasimdə səslənib.
Tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Gürcüstan Müsəlmanları İdarəsinin sədri hacı Ramin İgidov, müfti hacı Yasın Əliyev, Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşaqmadze, Agentliyin Kvemo Kartli bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Abay Paşayev, Gürcüstan Ağsaqqallar Şurasının sədri İsak Novruzov, Türkiyə səfirliyinin, TİKA-nın və Azərbaycan səfirliyinin əməkdaşları iştirak ediblər.
Zaza Vaşaqmadze, Ramin İgidov, Yasin Əliyev, Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Vüqar Mustafayev və başqaları çıxış edərək mədrəsəni bitirən məzunlar təbrik edib, İslam dininin məziyyətlərindən danışıblar.
Bildirilib ki, Gürcüstan çoxkonfessiyalı dövlətdir. Ölkədə ən böyük dini icma müsəlman dini icmasıdır. Bu gün mədrəsəni bitirən 13 nəfər məzun da Gürcüstanın layiqli vətəndaşı kimi bu dövlətin inkişafında mühüm rol oynayacaqlar.
Sonra məzunlara diplomlar təqdim olunub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi