QAN YADDAŞI
Gürcüstandakı səfirliyimizin əməkdaşları Qanlı Yanvar şəhidlərinin ailə üzvləri ilə görüşüblər
Tbilisi, 21 yanvar, AZƏRTAC
Azərbaycanın Gürcüstandakı səfirliyi 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar bu ölkədəki şəhid ailələri ilə görüşüb, onların qayğıları ilə maraqlanıblar.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları Saqareco rayonunun Qaraçöp kəndində olublar.
Əvvəlcə səfirliyin əməkdaşları və yerli ictimaiyyətin nümayəndələri Qaraçöp kəndində 20 Yanvar şəhidlərinin və 9 Aprel hadisəsi qurbanlarının xatirəsinə inşa edilən abidə kompleksinin önünə gül dəstələri düzüblər.
Sonra səfirliyin əməkdaşları 20 Yanvar şəhidi Ələsgər Yusif oğlu Qayıbovun ailəsinə baş çəkiblər. Şəhidin xatirəsi ehtiramla yad olunub.
Səfirliyin məsul əməkdaşları, həmçinin Qardabani rayonunun Ağtəhlə kəndində olublar. Bildirilib ki, 20 Yanvar şəhidi Rəşid İsmayılov 1949-cu ilin avqustunda Ağtəhlədə anadan olub. Onun iki övladı var. Səfirliyin məsul əməkdaşları şəhidin yaxınlarına başsağlığı veriblər.
Marneuli rayonunun Kirac-Muğanlı kəndində isə şəhid Vəfadar Eminovun xatirəsi anılıb.
Səfirliyin məsul əməkdaşları Gürcüstanda, azərbaycanlıların yığcam yaşadıqları Bolnisi rayonunun Faxralı kəndində də şəhidlərin xatirəsi ehtiramla yad ediblər.
Faciə nəticəsində şəhid olmuş Faxralı kənd sakini İlqar Əhmədovun da xatirəsi anılıb, məzarı önünə gül dəstələri düzülüb.
Görüşlərdə Qanlı Yanvar faciəsinin səbəbləri və nəticələri barədə məlumat verilib, həlak olanlar arasında Gürcüstan azərbaycanlılarının da olduğu qeyd edilib. Bildirilib ki, Azərbaycan və gürcü xalqları öz qəhrəmanlarını heç zaman unutmayacaqlar.
Səfirlik əməkdaşları ailələrə Azərbaycan dövləti adından yardım çatdırıblar.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi