REGİONLAR
HÖKUMƏT BU İL EHTİYAT FONDU ÜÇÜN FERMERLƏRDƏN 260 MİN TON TAXIL ALACAQDIR
Bakı, 10 yanvar (AZƏRTAC). 2008-ci ildə ölkəmizdə ərzaq təhlükəsizliyi proqramı çərçivəsində rekord miqdarda - 2 milyon 495 min ton taxıl istehsal edilmişdir. Bu il isə həmin göstəricinin 460 min ton çox olacağı proqnozlaşdırılır. Bu isə taxıl idxalının azaldılmasına imkan verəcəkdir.
Kənd Təsərrüfatı Nazirliyindən bildirmişlər ki, ölkədə taxıl istehsalının artırılmasının məqsədi respublikanın taxıla olan tələbatını daxili imkanlar hesabına tam ödəməkdir. Hesablamalara görə, cari ildə yola saldığımız ildəkindən 234 min hektar çox - 1 milyon 62 min hektar taxıl əkilmişdir. Bunun 202 min hektarı buğdadır.
Taxıl istehsalınıın artırılmasına şərait yaradan amillərdən biri də özəl sahibkarların toxumçuluq sahələri yaratmasıdır. Əkin zamanı sahibkarlardan birinci reproduksiyalı toxumlara 40 faiz, ikinci reproduksiyalı toxumlara 30 faiz subsidiya verilir. Eyni zamanda, büdcədən ayrılan vəsaitin 5 milyon manatına yüksək keyfiyyətli əlavə toxum alınmışdır. Yeri gəlmişkən, bu, 2015-ci il üçün nəzərdə tutulan nəticədir. Bu il fermerlərə hər hektar buğda üçün 40 manat məbləğində subsidiya ilə yanaşı, gübrə də 70 faiz güzəştlə veriləcəkdir. Bu il ölkə başçısının göstərişi ilə Fövqəladə Hallar Nazirliyi tərəfindən taxıl ehtiyatı fondu da yaradılacaqdır. İlkin olaraq bu məqsədlə fermerlərdən 260 min ton taxıl alınması planlaşdırılır.