QAN YADDAŞI
Həmvətənlərimiz Finlandiya parlamentinə müraciət edib
Bakı, 25 fevral, AZƏRTAC
Finlandiya Azərbaycanlıları Assosiasiyası və Azərbaycanlı Qadınlar Cəmiyyəti Xocalı soyqırımının 29-cu ildönümü ərəfəsində Finlandiya parlamentinə, ölkənin insan hüquqları üzrə müvəkkilinə və Avropa Parlamentində təmsil olunan fin deputatlara müraciət edib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Assosiasiyanın sədri Vasif Muradlı və Azərbaycan Qadınları Cəmiyyətinin sədri Arzu Oqtayın imzaları ilə ünvanlanan müraciətdə XX əsrin böyük faciəsi adlandırılan Xocalı soyqırımı barədə müfəssəl məlumat verilib.
Qeyd olunub ki, Ermənistanın təcavüzkar hərəkətləri bütün beynəlxalq konvensiyalara, qətnamələrə, hüquq normalarına, prinsiplərinə və insanlığa ziddir. Ermənilərin törətdikləri soyqırımı təkcə azərbaycanlıları deyil, dünyanın bütün tərəqqipərvər və vicdanlı insanlarını kədərləndirib.
Dünyanın bir sıra ölkələrinin və ABŞ-ın 22 ştatının Xocalı soyqırımını rəsmən tanıdığını xatırladan müəlliflər Finlandiya qanunvericilik orqanını da bu addımı atmağa çağırıblar: “İnanırıq ki, humanist dövlət kimi Finlandiya bu hadisəyə və böyük fəlakətə biganə qalmayacaq, Xocalı qırğınına hüquqi-siyasi qiymət veriləcək və o, insanlığa qarşı soyqırımı kimi dəyərləndiriləcək”, - deyə müraciətdə bildirilib.